Naxçıvan Muxtar Respublikası qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi-mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Beş minillik şəhər mədəniyyəti tarixi olan bu qədim diyar özündə ilk insanların yaşadıqları mağaraları, qədim yaşayış yerlərini, erkən şəhər mədəniyyəti qalıqlarını, möhtəşəm qala divarlarını, qayaüstü təsvirləri, daş qoç heykəllərini, xatirə memarlığının ən gözəl nümunələri olan türbələri əks etdirir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onların içərisində müdafiə qalalarının, o cümlədən “Əlincəqala”nın özunəməxsus yeri və rolu vardır.
Culfa rayonundakı Əlincə dağın üzərində yerləşən “Əlincəqala” ən qədim müdafiə və yaşayış yerlərindən biridir. “Əlincəqala”nın adı çəkilən ən qədim mənbələrdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.
Möhkəm divarlar və bürclərlə əhatə olunmuş “Əlincəqala”da Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin baş xəzinəsi saxlanmışdır. O vaxt qalanın içərisində yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədi ilə səngər və bürclər tikilmişdir. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılmış, xüsusi arxlar çapılmışdır. “Əlincəqala”nın divarları və qalada olan tikililər əcdadlarımıza xas olan qədim tikinti mədəniyyətini günümüzə qədər gətirib çıxartmışdır.
Orta əsrlər zamanı “Əlincəqala”da Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşmiş və burada müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən “Əlincəqala” haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Əlincəqala” tarixi abidəsini milli-mədəni sərvət kimi qoruyub saxlamaq məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə “Əlincəqala”nın elmi-bərpa layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin və layihə üzrə bərpa işlərinin aparılmasını təmin etsin.
2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması üçün müvafiq tədbirlər görsün.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 11 fevral 2014-cü il