Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzeyi yaradılmışdır.
İyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri tədbirdə çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Tədqiqatlar göstərir ki, Naxçıvan qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun səbəbi Naxçıvanın əlverişli mövqeyinin, zəngin təbii sərvətləri, şəhər mədəniyyəti və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir.
Ali Məclisin Sədri demişdir: Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır.
Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradacaqdır.
Ali Məclisin Sədri demişdir: Qalaları, tarixi abidələri bərpa etmək keçmişi qorumaq, vətənpərvərlik əzmini yaşatmaq deməkdir. Lakin bununla iş bitmir. Bərpa olunan tarixi abidələr qorunmalı, tədqiq və təbliğ olunmalıdır. Naxçıvanın tarixi abidələrinin öyrənilməsində arxiv materiallarının əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi və Akademiyanın Naxçıvan Bölməsi muxtar respublikadan kənarda Naxçıvanın tarixi abidələri, o cümlədən Əlincəqala ilə bağlı mənbə və materialların əldə edilməsini, “Əlincəqala” tədqiqat qrupu isə qalaya aid materialların araşdırılmasını davam etdirməli və muzeyin ekspozisiyası bundan sonra da zənginləşdirilməlidir. Əlincəqalanın mübarizlik tarixinin vətənpərvərlik tərbiyəsində mühüm rolu nəzərə alınaraq Təhsil Nazirliyi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçirilməsini, ali və orta ixtisas təhsili müəssisələri isə tələbələrin Əlincəqalaya ekskursiyasını təşkil etməlidirlər. Rabitə və Yeni Texnologiyalar Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan və ingilis dillərində “Əlincəqala” internet saytının yaradılmasını təmin etməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Əlincəqala” kitabının hazırlanmasını təmin etməli, Əlincəqala ilə bağlı maarifləndirmə işini gücləndirməlidir.
Əlincəqalada bərpa işlərinin asan başa gəlmədiyini bildirən Ali Məclisin Sədri qalanın bərpasında əməyi olanların hamısına təşəkkür etmiş, “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı münasibətilə təbriklərini çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, xalq abidələrini yaşadır, abidələr isə xalqı yaşadır. Öz xalqının tarixini yaşadanları isə tarix yaşadır. Əlincəqalanın bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinə diqqət və qayğının növbəti ifadəsidir. Bərpa işləri əyilməzlik və qəhrəmanlıq rəmzi olan tariximizin yaşadılması, təbliği və öyrənilməsi baxımından yeni imkanlar açıb. Qədim tariximizdən soraq verən “Əlincəqala” abidəsi möhtəşəm görkəmi ilə turistlərin ciddi marağına səbəb olacaqdır. Bu amil nəzərə alınaraq “Naxçıvan-Əlincəqala” turist marşrutu hazırlanmış və buklet halında nəşr olunmuşdur. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin 3 dildə fəaliyyət göstərən internet saytında da Əlincəqala haqqında məlumat yerləşdirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, “Əlincəqala” tədqiqat qrupunun rəhbəri Vəli Baxşəliyev çıxış edərək demişdir ki, tariximizin öyrənilməsi üçün mühüm əhəmiyyəti olan abidələrdən biri də Əlincəqaladır. Bu baxımdan Əlincəqalanın geniş şəkildə araşdırılmasına, mövcud məlumatların ümumiləşdirilməsinə ehtiyac yaranmışdı. Əlincəqalanın xatırlandığı ilk yazılı mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Tədqiqat qrupunun apardığı araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid xeyli yeni faktlar aşkar edilmişdir. Qalada tapılan sikkələr qalanın I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər kimi formalaşdığını təsdiq edir. Həmçinin qala və onun ətrafında olan epiqrafik abidələrin öyrənilməsi bu bölgənin Orta əsrlərdə Azərbaycanın mühüm siyasi, sosial və mədəni mərkəzlərindən biri olduğunu göstərir. Tədqiqatlar Əlincəqala toponiminin “Əlincək” tayfa adı ilə bağlı olduğunu və bu tayfaların təqribən III-V əsrlərdə Arazdan şimalda, daha sonra isə Təbrizlə Naxçıvan arasında yerləşdiyini təsdiq edir. Vəli Baxşəliyev tarix və mədəniyyət abidələrimizin bərpası və tədqiqinə göstərdiyi diqqət və qayğıya görə elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü Asim Əliyev demişdir: Tariximizin canlı şahidi olan tarixi abidələrimiz içərisində cəsarət, əyilməzlik simvolu kimi dəyərləndirdiyimiz Əlincəqalanın özünəməxsus yeri vardır. Tarixin çətin, ağır anlarında xalq bəzən bir dağa, bir qalaya, bir dahi Şəxsiyyətə sığınıb və bütün çətinliklərə mərdliklə sinə gərib. “Əlincəqalaya sığınaraq özünü müdafiə edən ulu babalarımızın həyat təcrübəsi biz nəvələr üçün açıq dərs oldu. Bir qalaya söykənib zülmə baş əyməyən babalarımız kimi biz də Əlincə əzəmətli, Əlincə vüqarlı ulu öndərimiz Heydər Əliyevə güvənib bu torpağı namərd düşməndən mərdliklə qoruya bildik. Təkcə qorumadıq, onu başdan-ayağa yenidən qurduq, gözəlləşdirdik, həm də bu əzəmətli, vüqarlı Əlincəqalanın zirvəsində möhtəşəm bir tarixi abidə yaradaraq bir daha gücümüzü göstərə bildik. Əlincəqala bu gündən döyüş meydanı yox, vətənpərvərlik, qəhrəmanlıq meydanıdır. Əlincəqala qəhrəman ulu babaların tarix dolu dünənini bugünkü nəslə daşların, qayaların dili ilə söyləyəcəyi tarix dastanıdır. Naxçıvanın tarixi heç bir dövrdə bu dərəcədə araşdırılmamışdır. Tarixi abidələrimizə heç vaxt bu qədər diqqət və qayğı göstərilməmişdir”, – deyən Asim Əliyev sonra Əlincəqalaya həsr etdiyi “Əlincə” şeirini oxumuşdur:
Günəş doğdu...ocaq çatdı Əlincə,
Sərt daşları bir rəng aldı – qızılı.
Mənim tarix kitabımdır Əlincə –
Hər sətiri al qanımla yazılı.
Bu torpaqda qan tökəndə yağılar,
Düyünləndi Əlincənin qaşı da.
Əsgər oldu, qılınc oldu, ox oldu,
İgidləşdi qayası da, daşı da.
Heykəl kimi yonulan sərt qayalar
Qılıncların zərbəsindən qopubdur.
Bu daşlara Nəiminin kəlamı,
Nəsiminin qəzəlləri hopubdur.
Əsarətə baş əyməyən qalamız
Al güllərdən al çələnglər toxuyur.
Döyüşlərdən qalib çıxan qalamız
Qəhrəmanlıq nəğməsini oxuyur.
Babaların sönməz Vətən eşqinə
Nəğmə deyən bu çöl, çəmən yaşayır.
Yadlar keçib bu torpaqdan yel kimi,
Yenə torpaq, yenə Vətən yaşayır.
İgidlərin al qanıyla rənglənən
Torpağımın bayrağıdır Əlincə!
Naxçıvanın mərd qalası, ər oğlu,
Düşmənimə göz dağıdır Əlincə!
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Əlincəqala” Muzeyi və tarixi abidəsinə baxmışlar.
Məlumat verilmişdir ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Buradakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.
Bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılmışdır. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunmuşdur. Qalanın zirvəsinə doğru yol çəkilmiş, qala ərazisində işıqlandırma sistemləri yaradılmış, oturacaqlar qoyulmuş, yaşıllıqlar salınmışdır. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Ali Məclisin Sədri Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının bayrağını qaldırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev elm adamları və ziyalılar adından minnətdarlıq edərək demişdir ki, muxtar respublikada elm, təhsil və mədəniyyətin inkişafına hərtərəfli qayğı göstərilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi ilə Naxçıvan tarixinin öyrənilməsi və elmi mühitin inkişafının əsası qoyulmuşdur. Bu gün tarixi abidələrimiz bərpa olunur, yeni muzeylər yaradılır, elmi tədqiqatlar aparılır, bir sözlə, tariximiz qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılır. Həyata keçirilən bu tədbirlər alim və tədqiqatçılar üçün geniş imkanlar açmışdır.
Ali Məclisin Sədri Naxçıvan qalalarının, xüsusilə Əlincəqalanın Azərbaycan tarixindəki əhəmiyyətini qeyd etmiş, Naxçıvan tarixinin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə abidələrin bərpasının bundan sonra da davam etdiriləcəyini bildirmiş, bu işdə alim və tədqiqatçılara uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti