Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

“Əlincəqala” tarixi abidəsi bərpa olunub

Naxçıvan tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri, dünya əhəmiyyətli tarixi abidələr, qədim yaşayış yerləri, qala və istehkamlarla zəngindir. Tarixən bu ərazidə yaşamış Azərbaycan türklərinin yaratdığı bu qədim tarixi-mədəni irsin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər görülür, tarixi abidələr bərpa olunaraq keçmişdən bu günə körpü salınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsinin bərpa olunması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlmiş, burada görülən işlərlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilmiş və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunmuşdur. Bina iş otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin, xüsusilə qədim məişət əşyalarının, pul və sikkələrin, kitab, jurnal və qəzet materiallarının nümayiş etdirilməsi üçün vitrinlər qoyulmuşdur. Bu da ziyarətçilərin qala sakinlərinin yaşayışı və qəhrəmanlıq tarixi haqqında ətraflı məlumat almasına imkan verəcəkdir.

“Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunmuşdur. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Bərpa işləri zamanı qalanın zirvəsinə doğru yol çəkilmiş, qala ərazisində, eləcə də yol boyunca işıqlandırma sistemləri quraşdırılmış, oturacaqlar qoyulmuş və ətrafda yaşıllıqlar salınmışdır. 

Tarixi yaşadanları tarix də yaşadacaqdır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması da xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Qədim tariximizdən soraq verən, Naxçıvanın əyilməzlik və mübarizlik rəmzi olan “Əlincəqala” abidəsi möhtəşəm görkəmi ilə turistlərin ciddi marağına səbəb olacaqdır. 

Ali Məclisin Sədri “Əlincəqala” abidəsində aparılan bərpa işlərinin əhəmiyyətini qeyd etmiş, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin qalanın tarixi dövrlərinə aid eksponatlarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

00315106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
71
229
1068
315106

Tarix: 22-11-2024