Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Naxçıvanda “Əlincə qalası” tamaşasına baxış olmuşdur

Mübarizlik, əyilməzlik simvoluna çevrilən Əlincəqala əcdadlarımızın qəhrəmanlıq tarixindən və yadelli işğalçılara qarşı apardığı mübarizədən soraq verir. Qəhrəmanlıq, yurd sevgisi kimi ali dəyərləri yaşadan Əlincəqala Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissi aşılayır. Şair, yazıçı və dramaturqlarımız bu qalanı vəsf edən onlarla əsər yazmış, qala müdafiəçilərinin qəhrəmanlıq yolundan bəhs edən tamaşalar hazırlanmışdır.

İyunun 24-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olmuşdur. 

Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il fevral ayının 11-də “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Əlincəqalanın elmi-bərpa layihəsi hazırlanmış və 2014-cü ildə bərpa işlərinə başlanmışdır. 2016-cı il iyun ayının 17-də Əlincəqala tarixi abidəsinin və muzeyinin açılışı olmuşdur. Sərəncama uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrı şair-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi pyesinə yenidən müraciət etmiş və həmin əsər əsasında “Əlincə qalası” tamaşasını hazırlamışdır.

Sonra “Əlincə qalası” tamaşasına baxış olmuşdur. 

Tamaşa uzun illər Əmir Teymura qarşı mübarizə aparan Əlincəqalanın müdafiəsindən bəhs edir. Qala müdafiəçilərinin qəhrəmanlıqları, naxçıvanlıların qurub-yaratmaq əzmi, uzun müddət mühasirədə yaşayan, lakin buna baxmayaraq, qürurunu itirməyən xalqın həyat tərzi tamaşaçıya uğurlu səhnə həlli ilə çatdırılmışdır. Xalqın qəhrəman oğulları Əmir Altun, Rəşid və Əhədin insanları öz ətrafına toplayaraq vətənin müdafiəsinə qalxaraq xalqın mübarizə əzmini nümayiş etdirməsi əsərin əsas ideyasını təşkil edir. Əsərdə Azərbaycan qadınının hünər və cəsarəti, təmkin və sədaqəti, ailədə və cəmiyyətdə nüfuzu bir daha real səhnələrlə tamaşaçıya təqdim olunmuşdur. Gilan ananın xalqı mübarizəyə səsləməsi, igid vətən oğullarına dəstək olması, onlara nəsihət verməsi Azərbaycanda qadına, ana adına tarixən göstərilən ehtiramın daha bir ifadəsinə çevrilmişdir. Tamaşa Əmir Teymurun qala müdafiəçilərinin hünər və cəsarəti qarşısında aciz qalması və sonda məğlub olması ilə sona çatır. 

Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Şirzad Abutalıbov, Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva, eləcə də Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Təməl” teatr studiyasının tələbələri öz ifaları ilə uğurlu səhnə həllinə nail olmuşlar. 

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək uğurlu tamaşa münasibətilə yaradıcı heyəti təbrik edərək demişdir: Əsər Azərbaycanın əyilməzlik qalası olan Əlincəqala ilə bağlı olduğuna görə onun səhnələşdirilməsi və aktyorların ifası da uğurlu alınmışdır. Vətən sevgisi və sənətin birləşməsi hər bir rolun uğurlu alınmasına imkan verdi. Xalqın keçmişi daşlarda, abidələrdə, kitablarda, əsərlərdə yaşadılır. Keçmişin yaşadılması isə gələcəyin qorunması deməkdir. Əlincəqalanın bərpa olunması, qala haqqında əsərlərin yazılması və tamaşaların hazırlanması, ümumilikdə, xalqımızın mübarizlik tarixini əbədiləşdirmişdir. Səhnə əsərində qala müdafiəçilərinin mərdliyi, onların namərdliyə qarşı apardıqları mübarizə, göstərdikləri vətənpərvərlik ustalıqla tamaşaçılara təqdim olundu. Ona görə də “Əlincə qalası” tamaşası muxtar respublikanın rayonlarında, hərbi hissələrdə göstərilməli, xalqımızın mübarizlik tarixi, vətənpərvərliyi təbliğ olunmalıdır. 

Ali Məclisin Sədri əsərin müəllifi, yazıçı-dramaturq Həmid Arzuluya və tamaşanın rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevə təşəkkür etmiş, kollektivə yeni yaradıcılıq uğurları arzulamışdır.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

00315094
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
70
43
217
1056
315094

Tarix: 21-11-2024