Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincəqalanın hidrotexniki qurğuları

Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi və iqlimi qədim dövrlərdən bu ərazidə insanların məskunlaşmasına, müxtəlif yaşayış yerlərinin və süni suvarma qurğularının inşa оlunmasına imkan yaratmışdır. Qədim əkinçilik mədəniyyətlərinin formalaşmasında hidrotexniki qurğuların böyük əhəmiyyəti olmuşdur. 

Məlum olduğu kimi, hələ Eneolit və Erkən Tunc dövrlərində Naxçıvanın qədim sakinləri dağ çaylarının qarşısını kəsərək оnları ətraf ərazilərə çıxarmış və əkinləri suvarmışlar. Əmək alətlərinin inkişafı və məhsuldar tоrpaqların mənimsənilməsinə ehtiyac süni suvarmaya tələbatı daha da artırmış, insanları yeni su mənbələri kəşf etməyə məcbur etmiş, daha mürəkkəb hidrotexniki qurğuların inşasına imkan vermişdir. Belə qurğulardan biri də dağ çaylarının suyunu məhsuldar tоrpaqlara çıxaran kanallar idi. Təəssüf ki, onların hamısı indiyədək qalmamışdır.

Günümüzədək yaxşı qalan hidrotexniki qurğuların bir qismi Əlincə­qaladadır. Əlincəqalanın hidrotexniki qurğularını iki qrupa bölmək olar. Birinci qrup qurğular qayada çapılmış su hovuzlarından ibarətdir. Bu hovuzlara su qayada çapılmış kanallar vasitəsilə gətirilmişdir. Qayada relyefə uyğun olaraq qazılan kiçik kanallar yağış sularının toplanmasına imkan verir. Həcmcə böyük olan su hovuzları qala sakinlərinin uzun müddət suya olan tələbatını ödəmişdir. 

Su hovuzları başlıca olaraq Narınqalada inşa edilmişdir. Lakin bəzi hallarda Narınqaladan kənarda olan su hovuzlarına da rast gəlmək mümkündür. Su hovuzları başlıca olaraq dördkünc formalıdır. Lakin hovuzların biri dairəvi formalıdır. Hovuzlar həcmcə müxtəlifdir. Yağış sularını daha çox toplamaq mümkün olan hissələrdə, xüsusilə hündür qayaların ətəyində hovuzlar daha böyük olmuşdur. 

Hovuzların qazılma texnikası, demək olar ki, bənzərdir. Əvvəlcə hovuzlar üçün insanların gedə biləcəyi əlverişli mövqelər seçilmişdir. Hovuzlar qayanın çapılması ilə inşa edilmişdir. Dördkünc formalı hovuzların daha çox üç hissəsi qayada çapılmış, ön tərəf isə bir qədər dərinləşdirildikdən sonra bəndlə möhkəmləndirilmişdir. Bu cür inşaat relyeflə bağlı olmuş, hovuzlara əmək sərfini bir qədər azaltmış və onların inşasını səmərəli etmişdir. Bəzi hovuzlar bütövlükdə qayanın içərisində qazılmışdır. Hovuzların qazılması üçün başlıca olaraq dəmir külünglərdən istifadə edilmişdir. Üçbucaq formalı bu tip külünglər 2014-2015-ci illərin bərpa və təmir işləri zamanı Əlincəqaladan aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, daşın işlənməsi və formaya salınmasında dəmir baltalar da mühüm yer tutmuşdur. Belə baltalardan Oğlanqalanın qala divarlarının daşlarını işləmək üçün istifadə olunmuşdur. Su hovuzlarının ideal şəkildə hamarlanmış divarları göstərir ki, onların inşasında daş baltalardan da istifadə edilmişdir. Şübhəsiz ki, qazılmış süxurların hovuzdan çıxarılması və daşınması üçün kəndir, keçə bel (çalov), qarmaq, ağac vedrələrdən istifadə olunmuşdur.

Narınqaladakı su hovuzları başlıca olaraq iki yerdə – “Şahtaxtı” adlanan yuxarı hissədə və ondan aşağıdakı səkidə inşa edilmişdir. Şahtaxtıda olan hovuzların biri xüsusilə böyükdür. Onun uzunluğu 25 metr, eni 5 metr, dərinliyi 2-3 metr arasındadır. Hovuzun ön tərəfi əhəng məhlulu ilə bərkidilən daşlardan inşa olunmuş divarla möhkəmləndirilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu tikinti texnikası digər hovuzlar üçün də xarakterikdir. Şahtaxtıdakı digər hovuzlar kiçikhəcmlidir. Bu hissədə natamam hovuzlara da rast gəlinir. 

Narınqalanın mərkəzi hissəsində tikinti çox olduğu kimi, su hovuzları da çoxdur. Şübhəsiz ki, Narınqalaya sığınan əhali, xüsusilə müdafiəçilərin böyük bir qismi bu hissədə yaşamışdır. Müdafiəçilərə lazım olan yük və minik heyvanları da bu hissədə saxlandığı üçün suya tələbat çox olmuşdur. Su hovuzları daha çox bu hissədə qazılmışdır. Abidənin bu hissəsində də natamam qalan hovuzlara rast gəlmək mümkündür. Mövcud hovuzlar suya tələbatı ödəmədiyindən yenilərinin tikilməsinə ehtiyac olmuşdur. Bu hissədəki su hovuzlarından birinin uzunluğu 23, eni 4, dərinliyi yamac üzrə 3-4 metr arasındadır.

Hovuzlara su qayada qazılmış kanallar vasitəsilə gətirilmişdir. Bu kanalların eni 20-25, dərinliyi 15-20 santimetr arasındadır. Kanallar elə qazılmışdır ki, yağış zamanı su itkisinin qarşısı maksimum alınmışdır. Bu isə qala müdafiəçilərinin hər damla suya ehtiyacları olduğunu göstərən faktlardan biridir. Bir hovuz iki, yaxud üç kanal vasitəsilə su ilə təmin edilmişdir. Bir hovuzu təmin edən su kanallarının uzunluğu bəzən 200 metrə çatır.

Əhalinin suya tələbatını ödəmək məqsədilə inşa olunan hidrotexniki qurğulardan biri də kəhrizlər olmuşdur. Çünki qala sakinləri hər nə qədər cəhd etsələr də, yağıntı zamanı su itkisinin qarşısını tamamilə ala bilməmişlər. Buna görə də yer altına gedən suları da toplamağa ehtiyac olmuşdur. Onlar bunu kəhriz sistemi vasitəsilə həyata keçirmişlər. Əlincə­qalada indiyədək iki kəhriz aşkar olunmuşdur. Kəhrizlərin hər ikisi Narınqaladan kənarda yerləşir. 

Birinci kəhriz Qazançı yolundan qalaya daxil olan qərb girişi yaxınlığındadır. Təbii eroziya zamanı ehtimal olunan quyular tamamilə örtüldüyündən onların yerini müəyyən etmək mümkün olmamışdır. Bu kəhrizin yalnız çıxışı aşkara çıxarılmışdır. Kəhrizin girişi sal daşlardan dördkünc formada inşa olunmuş, suyun axması üçün eni 60 santimetr, uzunluğu 2 metr olan kanal düzəldilmişdir. Uçqunun qarşısını almaq məqsədilə çıxışın ətrafı nalşəkilli formada dəstək divarı ilə əhatə olunmuşdu. Hazırda bu kəhrizin girişi bərpa edilərək daha da abadlaşdırılmışdır. Yaz vaxtı kiçik dağ çayını xatırladan bu kəhriz, şübhəsiz ki, əhalinin tələbatını tamamilə ödəmişdir. Lakin qeyd etməliyik ki, quraqlıq olanda, xüsusilə yayın isti günlərində bu kəhriz quruyur.

İkinci kəhriz qalanın şərq girişi istiqamətində, Əlincəqalanın yerləşdiyi dağın ətəyindədir. Qeyd edək ki, bu kəhrizin suyundan hazırda istifadə olunur və xalq arasında “yuxarı çeşmə” adlanır. Birinci kəhrizdən fərqli olaraq bu kəhrizin quyuları da aşkar olunmuşdur. Naxçıvanda rast gəlinən orta əsr kəhrizlərinin quyuları dairəvi formalı olduğu halda, bu kəhrizin quyularının üst qismi otaq şəklindədir. Şübhəsiz ki, bu, quyuların istifadəsi ilə bağlı olmuşdur. Kəhrizin üç quyusunun olduğu müəyyənləşdirilmişdir. Şaquli qazılan orta əsr kəhriz quyularından fərqli olaraq bu kəhrizin baş quyusu, təxminən, 45 dərəcə bucaq altında qazılmışdır. Quyu 8 metr dərinlikdən sonra uzunluğu 9-10 metr olan qaya­altı boşluğa daxil olur. Bu boşluqda 3-4 nəfər rahat yerləşə bilərdi. Boşluğun baş tərəfində qaya çapılaraq 0,6 metr dərinliyə salınaraq hovuz düzəldilmişdir ki, yeraltı sular buraya toplansın. Bu hovuz yeraltı suları bir yerə toplamağa imkan vermişdir. Toplanan su saxsıdan düzəldilmiş kiçik novlar və saxsı borular vasitəsilə aşağıya ötürülmüşdür. Sonuncu quyunun divarında su səviyyəsinə enən pillələr yaradılmışdır. Bu pillələrlə quyuya enən adam quyuda qoyulmuş sutoplayıcının qarşısına sipər qoymaqla suyu sağa, sola və aşağıya buraxa bilirmiş. Üçistiqamətli paylayıcının olması kəhrizin üç çıxışının olmasına işarə edir. Qeyd edək ki, hazırda yalnız bir çıxışdan istifadə olunur.

Kəhriz sularının çıxışı yaşayış məntəqəsinə aid evlərin içərisində yerləşdiyindən Əlincəqalanı mühasirə edən düşmənin qala ətəyində su mənbəyi olduğundan xəbəri olma­mışdır. 2006-cı ildə aparılan araşdırmalar göstərdi ki, dağın bu hissəsi də qala divarı ilə əhatə olunmuşdur. Qala divarı boyunca və onun içərisində yaşayış binalarının qalıqları var idi. Araşdırmalara əsasən demək olar ki, düşmən hücumu zamanı ətrafda yaşayan əhali qalanın bu hissəsində sığınacaq tapmışdır. Şübhəsiz ki, bu kəhrizin suyundan mülki əhali də istifadə etmişdir. Digər tərəfdən dağın ətəyində yerləşdiyindən bu kəhrizin suyu daha gec quruyurmuş, yağıntı bol olduqda isə su kəsilmirmiş. Ona görə qalada qıtlıq olanda gecələr qaladan enən müdafiəçilər kəhriz suyunu tuluqlara dolduraraq aparırmışlar.

Araşdırmalar göstərir ki, Əlincəqala və onun ətrafında yaşayan əhali qədim dövrlərdən başlayaraq süni suvarmaya ehtiyac hiss etmiş və оlduqca böyük zəhmət bahasına bəndlər və su kanalları inşa etmişdir ki, bu da bölgənin iqtisadi inkişafında önəmli rоl оynamışdır. Əlincəqalanın su sistemi isə qalanın uzun müddət mühasirədə qalmasını təmin edən əsas şərtlərdən biri olmuşdur.

 

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

00315105
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
71
228
1067
315105

Tarix: 22-11-2024