Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincə zərbxanası

Azərbaycanın dövlətçilik tarixində qalaların mühüm əhəmiyyəti vardır. Araşdırmalar göstərir ki, Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda qalalar hələ Orta Tunc dövründən mövcud olmuşdur. Qalatipli yaşayış yerlərinin tariximiz üçün əhəmiyyətini qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır.

Uzun illərin tədqiqatlarına əsaslanaraq demək olar ki, Azərbaycanda ən qədim dövlətlər qala-şəhərlər şəklində formalaşmışdır. Qalalar başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edilmişdir. Orta əsr qalalarında bəzi zamanlarda zərbxanalar da olmuşdur. Erkən orta əsrlərdən başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan belə möhtəşəm qalalardan biri də Əlincəqala idi. Əlincəqala XIII əsrin ikinci yarısı və XIV əsrin birinci yarısında Azərbaycanın sikkə zərb edilən əsas mərkəzlərindən biri olmuşdur.

Qeyd edək ki, Azərbaycanın mühüm mədəniyyət və ticarət mərkəzlərindən biri olan Naxçıvanda hələ sasanilərin zamanından sikkə zərb edilmişdir. Bu dövrdə Naxçıvan və Gilan şəhərlərində sasanilərin mühüm zərbxanaları yerləşirdi. Orta əsrlərdə Naxçıvanda olan zərbxanaların sayı daha da artmışdır. Bu dövrdə Naxçıvan ərazisində Naxçıvan, Astrabad, Şərur, Kiran (Gilan) və Əlincəqalada sikkə zərb edilmişdir. Şərur dəfinəsindən tapılan sikkələrin əksəriyyətində zərb yeri olaraq “Alaqir” yazılmışdır ki, tədqiqatçılar bunu Alagöz toponimi ilə eyniləşdirirlər. Xatırladaq ki, Naxçıvanın Babək rayonu ərazisində “Alagöz” adlı yaşayış yeri və onun yaxınlığında “Quyuludağ” adlı alınmaz qala olmuşdur. Şübhəsiz ki, Naxçıvanda bu qədər zərbxananın olması onun strateji mövqeyi və faydalı qazıntıları ilə bağlı idi. Məlum olduğu kimi, Naxçıvan Cənubi Qafqazın ən qədim metallurgiya mərkəzlərindən biri olmuş, orta əsrlərdə Naxçıvanda yerləşən mis, qurğuşun, gümüş və qızıl yataqlarından intensiv istifadə edilmişdir. 

Azərbaycanın numizmatik abidələri haqqında yazılan bəzi əcnəbi və milli mütəxəssislərin əsərlərində Əlincəqalada zərb edilən sikkələr haqqında məlumatlar vardır. Rusiyada Şərq numizmatika elminin əsasını yaradan alimlərdən biri olan Aleksey Konstantinoviç Markovun “Cəlairi sikkələrinin kataloqu” adlı monoqrafik əsərində bu barədə məlumat verilir. Əsərdə 45 zərbxananın adı çəkilir. Onlardan biri də Əlincəqaladır.

Bəzi tədqiqatçılar Əlincədə sikkə zərbinin genişləndiyi dövrü Eldənizlər dövrünə aid edirlər. Y.A.Paxomovun “Azərbaycanın sikkə dəfinələri” adlı kitabının IX cildində verilən Naxçıvanın Kültəpə kəndindən tapılan 2115 nömrəli sikkələrdə Əbu Bəkr, yaxud Özbəyin adları yarı pozulmuş vəziyyətdə əks olunmuşdur. Həmin sikkələrin əks tərəfində isə xəlif Ən-nasirin adı dördkünc şəkildə verilmişdir. Müəllif qeyd edir ki, sikkə, yəqin ki, başqa bir məkanda təkrar zərb edilmişdir. 

Məlum olduğu kimi, Əlincəqala Eldənizlər dövlətinin əsas istinad nöqtələrindən biri və onların xəzinəsinin saxlandığı yer idi. Xəzinənin ümumi kütləsi barədə Həmdullah Qəzvininin “Tarixi Quzide” əsərində maraqlı məlumat vardır. O yazır ki, Atabəylərin hakimiyyəti zamanı dövlətin xəzinəsinə bir ildə Azərbaycandan, Arrandan, Muğandan gələn 2300 tümən gəlirlər daxil olurdu. 

Orta əsr müəlliflərindən Sədrəddin Əbül Həsən adında bir mütəfəkkir bu haqda məlumat vermişdi. M.Ə.Seyfədini adıçəkilən müəllifə istinadən “Azərbaycan numizmatikası” adlı çoxcildliyin II cildində qeyd edir ki, “Əbül Həsənin əsərində Naxçıvan şəhərinin yaxınlığında güclü müdafiə sisteminə malik olan Əlincəqalada Atabəylərin xəzinəsinin əsas, önəmli hissəsi, qalanı isə “Sirr cahan” adlanan yerdəki qalada saxlanılır. İkinci qala Cahan Pəhləvanın birinci xanımı, Əmir İnancın qızı Qətibə xatına aiddir”. Ehtimal ki, Eldəniz hökmdarlarının adından kəsilən sikkələrin bir qismi Əlincəqalada kəsilmişdir. 1983-cü ildə indiki Kəngərli rayonunun Yurdçu kəndindən Eldəniz hökmdarları Cahan Pəhləvan, Əbu Bəkr və Müzəfərəddin Özbəyin adına kəsilən sikkələrdən ibarət dəfinə aşkar olunmuşdur. Lakin əksər sikkələrin üzərində kəsilmə yeri göstərilmədiyindən onların zərb edildiyi yeri müəyyənləşdirmək çətindir. Eldənizlərin sikkələri başlıca olaraq Təbriz, Naxçıvan, Ərdəbil, Gəncə, Beyləqan və digər şəhərlərdə kəsilmişdir. Eldənizlər dövrünə aid çoxsaylı pul dəfinələri tapılsa da, onların qızıl sikkələri indiyədək aşkar olunmamışdır. Tədqiqatçıların fikrinə görə, Eldəniz hökmdarları qızıl sikkə kəsmək hüququna malik olmamışlar. Bu hüquq yalnız Səlcuq hökmdarlarına məxsus olmuşdur. 

Qızıl Arslanın oğlu olmadığından o, öz varisini – qardaşı Əbu Bəkri anası Zahidə Xatının yanında, sarayda yerləşdirmişdi. Bu zaman Naxçıvanda və ümumiyyətlə, dövlətin ərazisində yerləşən qalalar, o cümlədən Əlincəqala Zahidə Xatının varidatı idi. Əbu Bəkrin hakimiyyəti zamanı Əlincəqalada Azərbaycan və İraqdan yığılan vergilərin və gəlirlərin, o cümlədən dəyərli hədiyyələrin burada yerləşməsi barədə bəzi mənbələrdə məlumatlar vardır. Pulla olan gəlirlər, əsasən, qızıldan və gümüşdən zərb edilən dirhəm və dinarlar hələ Şəmsəddin Eldənizin və Cahan Pəhləvanın hakimiyyəti illərindən bura yığılıb göndərilirdi.

Atabəy-Eldəgizlərin dövründə Azərbaycan yenidən möhkəmlənir və artıq hakimiyyətdə olan hökmdarlar yeni titullar “padişah”, “xaqani-cahan”, “xaqani-əcəm” kimi təmtəraqlı titulları daşıyırlar. Bu zaman Şərq ölkələrinin tarixində fenomen bir hadisə – “gümüş böhranı” baş verir. Əsasən, Orta Asiyadan yayılan bu böhran tezliklə Azərbaycanı da əhatə edir. Mahiyyət etibarilə gümüş böhranı, adından göründüyü kimi, pul və pul təsərrüfatında başlamışdı və gümüş dirhəmlərin tərkibində gümüşün çox aşağı düşməsi sonda hətta bütün pul nominallarının yalnız misdən zərb edilməsinə gətirib çıxarırdı. Vəziyyət o yerə çatmışdı ki, yeni, misdən vurulan pulların kredit xarakterini əhaliyə bildirmək üçün üzərində “dirhəm” sözü zərb edilirdi. Gümüş isə ayrıca bir əmtəə kimi şimal ölkələrinə daşınırdı. Bu ölkələr sırasında Finlandiyanın, İsveçin, Rusiyanın adını çəkmək olar.

Tədqiqatçıların bir çoxu Əlincəqalanın çiçəklənmə dövrünü Eldənizlərin zamanına aid etsələr də, “Əlincə” monoqramı ilə kəsilən sikkələr Elxanilərin dövründə də vardır. Əlincəqalada zərb edilən sikkələr mis dirhəmlərdən ibarətdir. Yerli hökmdarların mis dirhəmlər kəsmək hüquqları var idi. Bu sikkələr tədiyə vasitəsi kimi işlədilirdi. A.K.Markovun “Cəlairi sikkələrinin kataloqu” kitabında “zərbe fi... əlincə” monoqramlı sikkələr haqqında məlumat verilmişdir. Sikkələrin dövrü və tarixi haqqında məlumat olmadığından, onların forması və kəsilmə texnikasına əsasən, Əlincə zərbxanası, təqribən, XIII-XIV əsrlərə aid edilmişdir. 

Yaxın Şərqdə dövrünün ən güclü dövlətlərindən hesab edilən Atabəylər-Eldənizlər müəyyən döyüşlər, müharibələr, münaqişələr, daxili üsyanlar, çaxnaşmalar zamanı ehtimal ki, Əlincədə sikkə zərbi işini də yerinə yetirmişlər. Belə ki, orta əsrlərdə pul işində yaranan fors-major – gözlənilməyən hadisələr zamanı, əsasən, əsgərlərin maaşlarını vaxtında vermək üçün belə addımlar atılırdı.

Numizmatik baxımdan Əlincədə zərb edilən sikkələr də, əsasən, belə hadisələrlə bağlı ola bilər. Elmi numizmatik təsvir vasitəsilə aparılan analizlər nəticəsində bu sikkələr düzgün olmayan – dördbucaqlı, kvadrat və digər formada olan misdən və bürünc qarışığından zərb edilən nominallardan fərqlənmirlər. Eyni qaydada ümumi çəki, ölçü sistemi yox dərəcəsindədir. Möhür qısa və lakonik ifadələrdən ibarətdir. Əlincə zərbxana adı göstərilən sikkələrin sayı az olduğundan statistik, ikonoqrafik və digər analizləri bu gün aparmaq mümkün deyildir. Yuxarıda göstərdiyimiz səbəblərə görə, burada zərb işinin vaxtaşırı həyata keçirilməsi mümkün ola biləcək hadisədir. Analoji hadisə kimi həmin dövrdə və sonralar Şamaxıda yerləşən Gülüstan qalasında da sikkə zərbini göstərmək olar. Bu, yerli tələbatı ödəmək məqsədi daşımışdır. Şübhəsiz ki, Əlincəqalanın geniş araşdırılması bu əfsanəvi qala-şəhər haqqında yeni fikirlər deməyə imkan verəcək.

 

Vəli BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

Qənirə PİRQULİYEVA

Bakı Dövlət Universitetinin dosenti

 

00317213
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
28
37
545
1732
317213

Tarix: 22-12-2024