Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincə qalası mübariz xalqın daş yaddaşıdır

Əlincəçayın sahilində sıldırım, yalçın qayaların zirvəsində qartalların yuva saldığı əzəmətli bir qala var. Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən bu qala min illərdir, tarix ümmanında yol alanlara mayak olur. Bu qala Azərbaycan tarixinin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarı olan Əlincədir.

Bir qalanın tarixçəsi...

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı, təqribən, 2 min il bundan əvvələ aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər. 

Azərbaycan Atabəyləri – Eldəgizlərin hökmranlığı dövründə Əlincəqala mühüm hərbi istehkam olaraq hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilir. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin idarəçiliyinə keçir. Zamanının məğlubedilməz hökmdarı Əmir Teymur bu qala uğrunda uzun zaman mübarizə aparır. Onun qoşunları 1386-cı ilin payızında Naxçıvana basqın edir.

Əlincə qalasına dəfələrlə hücumlar olsa da, qalanı fəth edə bilmirlər. 14 illik qəhrəmancasına mübarizədən sonra 1401-ci ildə Əlincə qalası Teymur qoşunları tərəfindən tutulur.

 Əlincəyə yeni həyat verilir

Ərazi baxımından Azərbaycandan ayrı düşmüş Naxçıvanda keçmişin şahidi olan abidələrimizə xüsusi diqqət göstərilir. Bu həm də ümummilli liderimizin tarixi keçmişimizin yaşadılması sahəsində gördüyü işlərin davamıdır. 

Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, Naxçıvan ərazisində mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə altına alınır. Bu gün göstərilən diqqət və qayğı sayəsində tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla təzələnir. Qaytarılan təkcə görüntü deyil. Qaytarılan daş yaddaşımız, ulu keçmişimiz, milli-mənəvi dəyərlərimizdir. Bununla bərabər, xalqa milli-mənəvi dəyərlərimizin ölməzliyi də təlqin olunur, tariximizin qaranlıq qalan hər bir səhifəsi yenidən vərəqlənir, oxunur. Əlincəqalaya da bu gün ikinci həyat verilir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanıb, Azərbaycan tarixinin açılmamış səhifələrinə işıq salınıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. Ötən il fevral ayının 11-də isə muxtar respublika rəhbəri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanıb. Bu sərəncamdan sonra Əlincəqalanın bərpasına başlanılıb. Ötən müddət ərzində qalaya qalxmaq üçün sıldırım qayalar arasında zirvəyə gedən cığırda daş pilləkənlər salınıb, pilləkənlərin sağ və sol tərəflərində yağış və sel sularından qorunmaq üçün arxlar qurulub. Qalanın qapıları, bürcləri əhatələyən divarlarına yeni həyat verilib. Qala ərazisindəki daş hovuzlar təmizlənib, hovuzları su ilə təmin edən, yalçın qayalarda kustar üsulla yaradılmış arxlar əvvəlki vəziyyətinə qaytarılıb. Qalanın “Şahtaxtı” deyilən hissəsinə gedən yolda qayalar kəsilərək pillələr yaradılıb. Qeyd edək ki, burada istifadə olunan materiallar bişmiş kərpic və sal daşlardır. Bu cür tikinti materialları min il bundan əvvəl olduğu kimi, indi də etibarlı sayılır.

Məqsəd özümüzü özümüzə qaytarmaq, keçmişimizi yaşatmaqdır

Qüdrət rəmzi qalalarımız heç zaman qəddini yadlara əyməyiblər. Qalalarımız təkcə tariximizin şahidi olmayıb, eyni zamanda onu yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarı olub. Əlincə qalasının divarları və bürclərinin qalıqları da sübut edir ki, bu tikili müdafiə məqsədi daşısa da, gücün, qüdrətin, zəkanın, mədəniyyətin nümayişidir. İndi bu qalanın bərpa olunmasında müdafiə məqsədi güdülmür. Məqsəd min illər öncəsindən çox fərqlidir. Düşmən yüz kilometrlərlə uzaqlıqdadır və bir addım belə önə gəlməsi mümkün deyil; igid oğullarımız sərhədlərimizin hər daşını, qayasını alınmaz səngərə, sipərə çeviriblər. Hələ bərpa işləri tamamlanmasa da, əzəməti, möhtəşəmliyi ilə görənləri heyrətə gətirən, bizi qürurlandıran bu qalanın yenidən daha da əzmkarlıqla ucaldılmasının məqsədi var. Bu məqsəd özümüzü özümüzə qaytarmaq, keçmişimizi yaşatmaqdır. Yəqin ki, gələcək illərdə üstü tozlanmış tarix səhifələrinin də tozu silinəcək, tariximizin açılmayan, hələ sirli qalan qatları öyrəniləcək, belə izlər bu torpaqda daha aydın görünəcək, yeni-yeni izlər salınacaq. Çünki tarixin şahidi olan bu qalalar, abidələr əyilməz bir xalqın, bir ulusun yadigarları, el-oba əmanətidir, həm də əvəzi olmayan, müqayisəyə gəlməyən əmanəti. Digər qalalarımız kimi, Əlincəqala da açılmayan sirdir, tarixin gizli həqiqətidir. Bu divarlar arxasında igidlərimiz coşub sinələrini düşmənə sipər ediblər. Mərd ərənlər şahin olub düşmənin başına şığıyıblar, od ələyiblər. Bu abidəmiz yaddaşlara yaddaş olub, əsrləri yola salıb. İnamla və hünərlə dayanıb. Bu qalanı gördükcə qürurumuz artır, babalarımızın hünərinə baş əyirik. 

Deyirlər, dağ zirvəsi, insan kamalı, pələng pəncəsi, qartal qanadı ilə tanınar, qədim yurd isə tarixi abidələri ilə. Bu mənada yaxşı haldır ki, bu gün tarixi abidələrimizi yaşada-yaşada onları bütün dünyada tanıda bilirik. Abidələrimiz tanınırsa, deməli, qədim diyarımız da tanınır.

 

 Səbuhi Hüseynov

00317212
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
27
37
544
1731
317212

Tarix: 22-12-2024