Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

“Kitabi-Dədə Qorqud” dastanı Əlincəqalanın adı çəkilən ən qədim mənbədir

Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi, qəhrəmanlıq dastanı, yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuş “Kitabi-Dədə Qorqud” dastanı ilk dəfə alman alimi Fridrix fon Dits tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.

Drezden Kral Kitabxanasında dastanla tanış olduqdan sonra o, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirmiş və 1815-ci ildə nəşr etdirmişdir. Bununla da, “Kitabi-Dədə Qorqud” dastanı elmi dövriyyəyə daxil edilmiş və tədqiqat obyektinə çevrilmişdir. Bu il həmin hadisənin 200 ili tamam olur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.

Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 25 iyul 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

Dünya xalqlarının ən möhtəşəm şifahi xalq ədəbiyyatı nümunələri ilə bir sırada duran, yaranma tarixi haqqında müxtəlif fikirlər olan bu dastanla əlaqədar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərmandan sonra YUNESKO Beynəlxalq Mədəniyyət Təşkilatı 1998-ci ili “Dədə Qorqud ili” elan etmişdir. YUNESKO kimi nüfuzlu bir təşkilatın “Kitabi-Dədə Qorqud” dastanına belə yüksək önəm verməsi, onun 1300 illiyinin qəbul olunması beynəlxalq elmi ictimaiyyət tərəfindən dastanın ən azı 1300 il bundan əvvəl yaranması fikrinin qəbul olunması deməkdir. 

Fərmandan sonra tədqiqi sahəsində yeni mərhələ başlayan dastan haqqında aparılan son tədqiqatlar sübut edir ki, Dəmir qapı Dərbənddən başlamış Borçalı çökəyinə, Gəncəbasara, Qarsa, Ərdahana, Göyçə gölünə, Ağrı dağına, Naxçıvana, Əlincə qalasına, Bayburta, Ərzuruma, Diyarbəkrə, Vana qədər çox geniş bir coğrafi ərazidə cərəyan edən hadisələri özündə əks etdirən, eyni zamanda qədim türk xalqlarının bədii təfəkkürünün qiymətli incisi, Azərbaycan xalqına məxsus, məşhur qorqudşünas Ş.Cəmşidovun təbirincə desək, “tarixçi üçün xalqımızın tarixi, ədəbiyyatşünas üçün onun epopeyası, etnoqraf üçün isə milli əlamətlər salnaməsi” olan dastanda bəhs olunan hadisələr Naxçıvan bölgəsi ilə sıx bağlı olmuşdur. Bunu təsdiq edən əsas faktlardan biri dastanda özünə yer alan, tarixin çox sanballı qaynaqlarından sayılan yer adları – toponimlərdir.

Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan diyarının və ona qonşu olan bölgələrin “Dədə Qorqud” dastanları ilə səsləşən yer adlarını, xalq ədəbiyyatı nümunələrini daha dərindən və əhatəli şəkildə öyrənilməsini tədqiqatçıların qarşısında duran aktual vəzifə kimi müəyyənləşdirmişdir.

Bu vəzifəyə uyğun olaraq Naxçıvanda qeyd olunan istiqamətdə tədqiqatlar genişlənmişdir. Bu sahədə AMEA-nın müxbir üzvü, professor Səfərəli Babayevin apardığı tədqiqatlar xüsusilə diqqəti cəlb edir. 1999-cu ildə nəşr olunan “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyası göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvanla əlaqədar 50-dən artıq toponim və mikrotoponim vardır. Bu toponimlər içərisində Naxçıvan ərazisində indiyədək qalan qala adlarına (Qazançı qalası, Dana qalası, Əlincəqala) da rast gəlirik. Bu qalalar içərisində Əlincəqalanın Azərbaycanın tarixində xüsusi yeri və mövqeyi vardır.

Əlincə mahalının ortasından keçən Əlincəçayın sol sahilində yerləşən Əlincə dağının zirvəsində inşa edilən Əlincəqalanın adına dastanın “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyunda rast gəlinir. Bu boyda Əlincəqalanın adı üç dəfə xatırlanır.

Boyun məlumatına görə Uşun Qocanın oğlu Əgrək “Şərukun (bu toponim tədqiqatçılar tərəfindən müxtəlif cür təqdim olunur: Şərur, Şəruk, Şürük, Şirokuz, Şirəküvəz və sair) ucundan Göyçə dənizə təkin el çarpmış”, ... “Yolu Əlincə qələsinə oğramışdı”. Burada o, Qara Təkurun adamları tərəfindən tutulmuş və Əlincə qalasında zindana salınmışdı. Bir öksüz oğlanın Əgrəyin qardaşı Səgrəyə “Hünərin var isə qardaşın Əlincə qələsində əsirdir, var, onu qurtar!” deməsindən sonra qardaşı olduğunu bilən Səgrək onu əsirlikdən qurtarır. Ancaq boyun digər yerlərində Əlincəqalanın adı olduğu kimi deyil, sadəcə olaraq, “qala” kimi işlənmişdir.

Dastandan aydın olur ki, hadisələr baş verən vaxt Əlincəqala Qara Təkurun əlində olmuş, ondan həm müdafiə qalası, həm də zindan kimi istifadə edilmişdir.

Dastanın məlumatları təsdiq edir ki, Əlincəqaladan yarandığı andan həm də zindan kimi istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, Əlincəqalada olan zindandan sonralar da istifadə olunmuş, Azərbaycan feodal dövlətlərinin hökmdarları ən əhəmiyyətli və təhlükəli dustaqları orada saxlamışlar.

Professor P.Xəlilov qeyd edir ki, böyük qardaş Əgrəklə kiçik qardaş Səgrəkin marşrutu İç oğuz hüdudları haqqında parlaq təsəvvür yaradır. Böyük qardaş Qazan bəydən icazə alıb Şirəküvəz (və ya Şirəküvan) ucundan Əlincə qalasına qədər gedir və İç oğuzun şimal sərhədi boyu gəzir, sonra Göyçə gölündən cənuba getmək istəyəndə Əlincə qalasında əsir olur. Kiçik qardaş onu azad edəndə yolunu cənuba salır. Dərəşam suyunu keçir və Araz boyu geri dönüb yurduna qayıdır. Dərəşam Culfa rayonundakı Dərəşam stansiyası yaxınlığındakı mineral bulaq suları hesab edilir. 

AMEA-nın müxbir üzvü Səfərəli Babayev isə yazır ki, Dərəşam Culfa rayonu ərazisində, Arazın sol sahilində qədim kənd olmuşdur. Onun yaxınlığında Dərəşam mineral bulaqları yerləşir. Bundan başqa, bu oykonimlə üzbəüz Arazın sağ sahilində də Dərəşam kəndi olmuşdur. Bizcə, dastanda adıçəkilən Dərəşam Arazın sol sahilindəki, Naxçıvan Muxtar Respublikası ərazisindəki Dərəşamdır. Qardaşların Əlincə qalasından qayıdarkən üzüb keçdikləri Dərəşamsuyu Araz çayıdır.

“Kitabi-Dədə Qorqud” dastanı Əlincəqalanın adı çəkilən ən qədim mənbədir. Orada qala ilə əlaqədar verilən məlumatlar Əlincəqalanın tarixi haqqında əlimizdə olan ilk məlumat kimi çox qiymətlidir. 1300 illik tarixə malik olan “Kitabi-Dədə Qorqud” dastanında qalanın adının xatırlanması təsdiq edir ki, Əlincəqala VII əsrdə mövcud imiş. Deməli, onun əsası VII əsrdən əvvəlki dövrlərdə qoyulmuşdur.

 

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

00317216
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
31
37
548
1735
317216

Tarix: 22-12-2024