Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanmışdır. Buna uyğun olaraq, Əlincəqalanın tarixini öyrənmək üçün AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə xüsusi tədqiqat qrupu yaradılmışdır.
Tədqiqat qrupunun apardığı araşdırmalar zamanı Vəli Baxşəliyev və Nizami Alıyev tərəfindən biri qurğuşun, digəri isə gümüşdən kəsilən iki sikkə tapılmışdır. Vəli Baxşəliyevin qəzetimizə verdiyi məlumata görə, üzərində ərəb xəlifəsinin təsviri olan qurğuşun sikkənin tarixi hələlik dəqiqləşdirilməmişdir. Üzərində süvari təsviri olan gümüş sikkənin sikkəşünas tədqiqatçı, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən araşdırılması göstərmişdir ki, bu sikkə VII əsrdə Daşkənddə zərb edilmişdir. Bu tapıntı Əlincəqalanın nəinki VII əsrdə mövcud olduğunu, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələrə malik olduğunu göstərir.
Qeyd edək ki, olduqca nadir rast gəlinən bu sikkə indiyədək Azərbaycan ərazisindən aşkar olunmamışdır. Bu sikkənin VII əsrdə bura gətirilməsi hələlik bir müəmma olsa da, Əlincəqalanın əsrarəngiz tarixindən xəbər verir.
Sara Əzimova
Çox qədim zamanlardan insanlar məskən saldıqları ayrı-ayrı obyektlərə – dağlara, qalalara, çaylara, göllərə, kənd və şəhərlərə və başqa bu kimi yerlərə müxtəlif adlar vermişlər. Dünyada elə bir coğrafi obyekt növü yoxdur ki, insanlar onu hansısa adla adlandırmamış olsun. Hər bir yerin müəyyən adı, hər bir adın özünəməxsus mənası, yaranma tarixi vardır.
Tarixən yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, adların dildən-dilə, nəsildən-nəslə keçməsi ilə əlaqədar onların bir qismi təhrifə uğramış və nəticədə, müxtəlif cür izah edilmişdir. Belə coğrafi adlardan biri də “Kitabi-Dədə Qorqud” dastanlarında da adı çəkilən Əlincəqala (Alınca qalası) adıdır.
Tədqiqatçılar “Əlincə” sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı məxəzlərində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və sair şəkillərdə işlədilmişdir. Bir sıra qaynaqlarda Əlincəqalaya Erınca şəklində rast gəlirik. Bəzi tarixçilərin yazdığına görə, guya Əlincəqala öz adını zəngin xəzinəsini gizlətmək məqsədilə həmin qalanı tikdirmiş “Erincak” adlı bir feodal qadının adından götürmüşdür.
Azərbaycan tədqiqatçıları Əlincəqalanı Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri hesab etmişlər. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni faktlar aşkar edilmişdir. Bu faktların bir qismi Əlincəqaladan tapılan VII əsrə aid mis və gümüş sikkələrlə bağlıdırsa, digər faktlar Əlincəqalanın memarlıq üslubu ilə bağlıdır.
Hörmətli oxucular, Əlincəqaladan tapılan bir gümüş sikkə haqqında sizə məlumat vermişdik. Əlbəttə, bu sikkə Əlincəqalada deyil, Daşkənddə kəsilmişdi. Bununla belə, bu tapıntı Əlincəqalanın VII əsrdə Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər olduğunu təsdiq etməkdədir. Bu sikkə Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən oxunmuşdur. Tədqiqatçının fikrinə görə, həmin sikkənin üzərində soqd əlifbası ilə “Çaç” sözü və hökmdarın adı yazılmışdır. Təəssüf ki, hökmdarın adı hələlik mütəxəssislər tərəfindən müəyyən edilməmişdir. Çaç Daşkəndin qədim adı olmuşdur. Sikkənin VII əsrdə kəsilməsi, şübhəsiz ki, qalanın Sasanilər dövründə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu göstərir.
Əlincə qalasından tapılan digər mis sikkə rus şərqşünası A.K.Markov tərəfindən 1897-ci ildə nəşr edilmişdir. Nədənsə bu sikkə uzun müddət tədqiqatçıların nəzərindən kənarda qalmış və tədqiqata cəlb olunmamışdır. Nəticədə, Azərbaycan numizmatikasına dair yazılan əsərlərdə Əlincəqalanın adı Azərbaycanın əsas zərbxanaları içərisində çəkilsə də, bu zərbxanada kəsilən sikkələr haqqında ətraflı məlumata rast gəlmirik. Bəzi numizmat tədqiqatçılar Əlincə zərbxanasını XIII-XIV əsrlərə aid etmişlər. Lakin bəzi tədqiqatçılar haqlı olaraq Eldənizlər dövründə Əlincəqalanın mühüm əhəmiyyətini və iqamətgaha çevrilməsini nəzərə alaraq XII-XIII əsrdə zərb edilən mis sikkələrin bir qisminin Əlincəqalada kəsildiyini ehtimal etmişlər. Cəlairilər dövründə də sikkə zərbinin olduğunu söyləyənlər olmuşdur.
Əlincəqalanın və Gülüstan türbəsinin bərpası uğurla aparılır
Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının ərazisi min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir.
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh türbələri, “İmamzadə”, muxtar respublika ərazisindəki Buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı şəkildə bərpa olunub. Ümumiyyətlə, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib. Hazırda Əlincə qalasında və Gülüstan türbəsində bərpa işləri aparılır.
Əlincəqalanın Əmir Teymur qoşunları tərəfindən 14 illik mühasirəsi zamanı qalanın müdafiəsinə bir-birinin ardınca bir neçə qala rəisi rəhbərlik etmişdir. Bu sərkərdələrdən birincisi mühasirənin başlandığı 1387-ci ildən 1390-cı ilin sonlarınadək müdafiəyə rəhbərlik edən Xacə Cövhərdir. Orta əsr qaynaqlarında bəzən Cövhər ağa, Cövhər xadim kimi xatırlanan Xacə Cövhər Əmir Teymur qoşunlarının Əlincəqalanı mühasirəyə aldığı vaxt qalanın kutvalı (rəisi) olmuşdur. O, özünün qəhrəmanlığı, şücaəti, xeyirxahlığı, səxavəti ilə seçilmiş və qala əhli arasında böyük hörmət qazanmışdır. Teymur qoşunlarının Əlincəqalanı mühasirəyə aldığı ilk vaxtlarda qala Xacə Cövhərin rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur.
Azərbaycanın feodal hakimləri Teymur qoşunlarının təhlükəsini düzgün qiymətləndirərək ona zərbə vurmaq və irəliləməsinə imkan verməmək məqsədilə Əlincəqalanın müdafiəsinə yaxından kömək edirdilər. Teymur qoşunları ilə qala müdafiəçiləri arasında 1388-1389-cu illərin qışında baş verən döyüşdə Teymur qoşunları qalanın aşağı səngərlərini ələ keçirsələr də, qala müdafiəçiləri Xacə Cövhərin rəhbərliyi ilə qalanın yuxarı hissəsinə çəkilərək müdafiəni davam etdirmişlər. Ancaq bu zaman qalada su ehtiyatı qurtardığı üçün Əmir Teymurla danışığa başlamağa məcbur olmuşlar. Əmir Teymur qalanın təslim olacağını yəqin edib qoşunu qalanın ətəklərinə endirmişdir.
Ancaq bu zaman yağan güclü leysan qalanın bütün hovuzlarını su ilə doldurmuşdur. Bunu görən Xacə Cövhər qalanın təslim edilməsi fikrindən əl çəkmiş və müdafiəni davam etdirməyə başlamışdır. Teymur qalanın mühasirəsini daha da gücləndirsə də, müttəfiqlərin zərbəsi ilə geri çəkilməyə məcbur olmuşdur. Çox təəssüf ki, belə qəhrəman bir sərkərdə 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmiş və Əmir Altun onun qaem-məqamı (canişini) olmuşdur.